Haqqımızda

Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 may 2007-ci il tarixli 2141 nömrəli sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.
Prezidentin 17 iyul 2018-ci il tarixli sərəncamına əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yenidən qurulub, abidənin ərazisində müasir turizm infrastrukturu yaradılıb. Əsaslı şəkildə təmir və bərpa olunan qoruğun açılışı 2019-cu ilin iyulunda baş tutub. Açılış mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ərazi

Qoruq 27,52 hektar ərazini əhatə edir. Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” mağarası, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, kükürdlü su bulağı, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Qırməki vadisi, Osmanlı səngərləri və yerli əhali tərəfindən müqəddəs hesab edilən Əlidaşı piri aiddir.

Təbiət

Yanar dağ təbiət abidəsi yerin dərinliklərindən səthə çıxan təbii qaz axınlarının yanması nəticəsində əmələ gəlib. Orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, hələ qədim dövrlərdən Bakı və şəhərin ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar müşahidə olunub. Bunu ərazidə aparılan geoloji tədqiqatlar da təsdiqləyir.
Yanar dağ atəşpərəstlik və zərdüştlük dininin davamçıları tərəfindən müqəddəs məkan kimi qəbul olunur.