YANARDAĞ MUZEYİ

Yanardağın müasir muzeyi özünün qeyri-adi həlli ilə diqqəti cəlb edir. Ənənəvi muzey eksponatlarının, 3D maketlərin, videoinstallyasiyaların və videoçarxların ahəngi bu unikal yer ilə daha ətraflı tanış olmaq üçün faydalı zəmin yaradır.Eksponatlar – qab-qacaq, məişət əşyaları və əmək alətləri XVII-XVIII əsrlərə aiddir. Hər bir eksponat adı, təyinatı və mənsub olduğu dövr barədə ətraflı təsvirə malikdir. Ziyarətçilərə həmçinin maraqlı maketlər təqdim edilir – “Atəşgah”–atəşpərəstlərin məbədi, Azərbaycan ərazisində ən maraqlı təbiət hadisələrindən biri “Palçıq vulkanları” və Yanardağın geoloji laylarının kəsiyi. Dörd ədəd monitor Azərbaycanda Atəşpərəstlik, Suraxanıdakı Atəşgah məbədi, Yanardağdakı palçıq vulkanları barədə videoçarxları nümayiş etdirir. Məşhur heykəltəraş Hüseyn Haqverdiyevin müasir installyasiyası xətlərin, kölgələrin və işığın xəyali oyununu yaradır. Muzeyin divarında alovun rəqəmsal təsviri isə ümumi mənzərəni məntiqi cəhətdən tamamlayır ki, bu da obyektin tematikasını nəzərə alaraq rəmzi xarakter daşıyır.