UNUDULMUŞ ƏCDADLARIN KÖLGƏLƏRİ

Məşhur azərbaycanlı rəssam Hüseyn Haqverdiyevin "Unudulmuş əcdadların kölgələri" adlı müasir instalyasiyası “Yanardağ” turizm kompleksinin ekspozisiyasının mühüm tərkib hissəsidir.

İnstalyasiya alov dilləri ilə işıqlandırılan taxta kompozisiyanı təcəssüm etdirir. Elə hissiyyat yaranır ki, qədim insanlar əl-ələ tutaraq oda sitayişə həsr olunmuş hansı isə gizli ayini yerinə yetirirlər. Kompozisiyaya diqqətlə baxdıqda siluetlərin kibritlərə bənzədiyini sezmək olar. Bu, qədim zamanlardan yüzilliklər boyu günümüzə gəlib çatmaqla, bəşəriyyətin mirası kimi odun qəbul edilməli olduğuna dair sanki bir ismarıcdır.

Oddan istifadə edilmədən müasir insanın həyatını təsəvvür etmək çətindir. Məhz odun sayəsində insanlar rahat şəraitdə yaşayırlar. Onların isti evləri, dadlı yeməkləri, qaynar suları vardır. Onlar həmçinin alovun köməkliyi ilə yaradılan əşyalardan daim istifadə edirlər. Odun hasil edilməsi və onun insana tabe etdirilməsi prosesi çox mürəkkəb və uzun olmuşdu. Qədim insan sayəsində bu gün həmin resursdan istifadə edə bilirik. İnsan odu milyon yarım il əvvəl özünə tabe etmişdi. Qədim insan oda və bu ünsür ilə əlaqəli olan bütün təbiət hadisələrinə – vulkanların püskürməsinə, ildırımlara, yerin təkindən odun çıxmasına pərəstiş edirdi. Bu cür yanaşma məhz odun insanın həyatındakı əhəmiyyəti ilə ayrılmaz surətdə bağlı idi. Bu, istiliyin əldə edilməsi, evin işıqlandırılması, yemək hazırlamaq, vəhşi heyvanları hürkütmək, sonradan isə əmək alətləri, silah və qab-qacaq düzəltmək imkanını büruzə verirdi. Od vasitəsilə insan daha da güclü oldu və özünümüdafiə qabiliyyətini yüksəltdi. Ancaq ibtidai insanlar təbiətin onlara bəxş etdiyi oddan istifadə edirdilərsə, sonradan insanlar odu hasil etməyi öyrənmişlər.

Beləliklə, od bəşəriyyətin inkişafının bütün mərhələlərində əsas rol oynayıb.

Bəlkə də nəsillər, minilliklər və əsrlər arasındakı ayrılmaz və fəlsəfi bağlılıq məhz budur. Hətta indi müasir, güclü və ən yeni texnologiyalara malik olsaq da, bir çox əsrlər əvvəl bizim üçün varlığın və inkişafın əsas vasitələrindən biri olan odu əldə etmiş unudulmuş əcdadlarımızın kölgələri bizi etibarlı şəkildə qoruyur.