BMT Baş Assambleyasının qərarına əsasən, hər il 24 sentyabr tarixində Beynəlxalq Jest dilləri Günü qeyd edilir. Jest dili - eşitmə məhdudiyyətli insanların ünsiyyət dilidir. Ümumiyyətlə, 23-29 sentyabr tarixləri Beynəlxalq Eşitmə Məhdudiyyətlilər həftəsi hesab olunur.
Bu gün münasibətilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda 3N-li xüsusi internat məktəbinin eşitmə məhdudiyyətli və sağlamlıq imkanları məhdud şagirdləri üçün ekskursiya təşkil edilib. Pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun şəkildə keçirilən tədbirdə 40-a yaxın məktəbli iştirak edib.
Qonaqlar üçün qoruq ərazisində ekskursiya təşkil olunub. Uşaqlar qoruq ərazisində olan açıq və qapalı əyləncə mərkəzlərində vaxtlarını keçiriblər. Onlar “Yanar dağ uşaqların gözü ilə” mövzusunda rəsmlər də çəkiblər. Tədbir çay süfrəsi ilə davam edib.
Uşaqları “Səssiz ünsiyyət - jest dilinin inkişafına dəstək” təşkilatının rəhbəri Şamil Sabirzadə, bu qurumun koordinatoru Könül Quliyeva, məktəbin tərbiyəçi müəllimləri Ayan İmanova, İzolda Həsənova müşayiət ediblər.
Qonaqlar üçün nəqliyyat xidməti Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən təqdim olunub.