“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna xoş gəlmisiniz! Bu abidə sizə Azərbaycanda təbii yanan odların və Zərdüştlüyün tarixini tanıdacaq. Qoruq ərazisində qapalı müasir muzeyi və açıq səma altındakı Kromleks daş sərgisini ziyarət etməyi də unutmayın!
Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 may 2007-ci il tarixli 2141 nömrəli sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Prezidentin 17 iyul 2018-ci il tarixli sərəncamına əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yenidən qurulub, abidənin ərazisində müasir turizm infrastrukturu yaradılıb. Əsaslı şəkildə təmir və bərpa olunan qoruğun açılışı 2019-cu ilin iyulunda baş tutub. Açılış mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.